Fil.f.d., dosent Elnarə Qaragözova
FOLKLOR VƏ POSTMODERN TƏHKİYƏ
#folkor #postmodernizm #ElnarəQaragözova
Pertti J. Anttonenin "Müasirlikdə ənənə: Postmodernizm və Folklorda Millət-Dövlət" kitabından yola çıxaraq....
Bu günlərdə mütaliə etdiyim Pertti J. Anttonenin "Müasirlikdə ənənə: Postmodernizm və Folklorda Millət-Dövlət" kitabı “ənənə” və “folklor”u müasirlik və modernizmlə, eləcə də postmodernizmlə bağlı diskurslar çərçivəsində konseptuallaşdırır. Modern və postmodern realilərlə folklorun müasir formatda təzahürünə həsr edilən araşdırmada əsas məqam bu iki fərqli kulturoloji qat arasındakı toqquşma və ayrılma nöqtələrinin müəyyənləşdirilməsidir. Bu kulturoloji təmasda əsas prinsip əlaqələndirici məqamın epistemioloji cəhətdən təqdimatı dir. İki fərqli mədəni fenomen olan postmodernizmin və folklorun müxtəlif kontekstlərdə kəsişməsi, qarşılıqlı təsiri müasir dünya, eləcə də Azərbaycan ədəbi prosesinin danılmaz faktıdır. Mədəni formaların transformasiyasını, mətnlərarası əlaqəni və hibridliyi vurğulayan postmodern ədəbiyyat mətndaxili eyhamlar, parodiyalar, dekonstruksiyalar, simvollar, sitatlar yaratmaq üçün folklordan intensiv şəkildə istifadə edir. Postmodern mətn yaratmağı qarşısına məqsəd qoyan yazıçı şəxsiyyət, tarix və mədəniyyət mövzularını dekanonizasiya, dekonstruksiya etmək üçün məhz folklor materialları üzərində yeni mətn yaradır. Folklora postmodern yanaşma onun klassikləşmiş motivlərinin yeni kontekstdə, yeni formada təzahürünə və ədəbi mətnlərin, kontekstlərin hibridliyinin vurğulanmasına səbəb olur. Azərbaycan postmodernizmində də folklor mühüm ədəbi mənbə və əsas poetik element statusundadır. Postmodern ədəbiyyatımızda, özəlliklə Kamal Abdullanın, İlqar Fəhminin, Orxan Fikrətoğlunun əsərlərində folklor motivləri, obrazları müasir üslubla, modern texnikalarla sintez edilərək ənənəvi və müasir ədəbi irsi birləşdirən yeni əsərlərin yaradılmasında istifadə olunur. Azərbaycan ədəbiyyatının postmodern nümunələri sübut edir ki, postmodernizmlə folklorun müxtəlif ədəbi-mədəni kontekstlərdə qarşılıqlı əlaqəsi və kəsişmə nöqtələri ədəbiyyatımıza yeni, mürəkkəb, çoxqatlı əsərlər qazandırır.
Комментарии
Отправить комментарий